Gənclər və İdman Nazirliyi muxtar respublikanın 100 illik yubileyi ilə əlaqədar olaraq gənclər üçün ekskursiya təşkil olunub. İştirakçılar “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə tanış olub, muxtar respublikanın dövlətçilik tarixi, mədəni inkişafı barədə zəngin məlumatlar əldə ediblər.
Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında açıq səma altında nümayiş etdirilən daş abidələr gənclərə xoş təəssürat yaradıb. Onlar daşdan düzəldilmiş qoç heykəllərə, daş kitabələrə, müxtəlif daş fiqurlara, qəbirüstü sənduqələrə baxıb, maddi-mədəniyyət nümunələri barədə ətraflı məlumatlar əldə ediblər. Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən olan Möminə Xatun türbəsi ilə tanışlıq zamanı bildirilib ki, türbə Azərbaycanın Atabəylər dövlətinin banisi Şəmsəddin Eldənizin göstərişi ilə 1186-cı ildə tikilib. Həyat yoldaşı Möminə Xatunun məzarı üzərində ucaldılmış məqbərə tanınmış memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən inşa olunub. Xan sarayında ekskursiya iştirakçılarına məlumat verilib ki, bu muzey Naxçıvan xanlığının milli dövlətçiliyimizdəki rolu, Azərbaycanın bu ərazisindəki torpaqlarının qorunub saxlanılmasında xidmətləri nəzərə alınaraq yaradılıb. Hazırda muzeydə 900-dən çox eksponat var. Bu eksponatlar içərisində arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi nümayiş etdirilir.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti